24.02.2025
24 fevral 2025-ci il tarixində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir çərçivəsində Ağdaş rayon Mədəniyyət Mərkəzinin təqdimatında “Qisas qiyamətə qalmadı, Vətən!” adlı tamaşa nümayiş olunub.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşları, millət vəkili, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və aparat işçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, rayon ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər, tələbələr və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq mərkəzin foyesində Ağdaş Dövlət Rəsm Qalereyası tərəfindən təşkil edilmiş Xocalı həqiqətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra qalereyanın dərnək üzvlərinin ifalarında şerlər səsləndirilib.
Bədii hissə ilə davam etdirilən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olan Xocalı faciəsindən bəhs ediblər.
Daha sonra Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının səhnələşdirdiyi “Qisas qiyamətə qalmadı, Vətən!” adlı tamaşa nümayiş olunub.