Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Milli Mətbuat Günü mətbuatın banisi Zərdabinin Vətənində qeyd edilib.

21.07.2025

21 iyul 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş “Mətbuat – Zamanın güzgüsü” adlı tədbir keçirilib.

Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə media nümayəndələri, Bakı Dövlət Universitetinin Sənəd menecmenti kafedrasının dosenti, Zərdab şəhər H.B.Zərdabi adına 1 nömrəli məktəb-liseyin fəxri məzunu, tarix üzrə fəlsəfə doktoru Solmaz Azay qızı Sadıqova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Əsəd oğlu Sadıqov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin böyük elmi işçisi, Bakı Dövlət Universitetinin doktorantı Ayşən Əsəd qızı Rəsulova, Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın əsası qoyulan “Əkinçi” qəzeti barədə videoçarx nümayiş olunub.

Natiqlər öz çıxışlarında 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetinin xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ olduğunu qeyd edərək, qəzetin fəaliyyətinin Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirdiyini, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan verdiyini bildiriblər.

Tədbir Ağdaş və Zərdab rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının təqdimatında hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Sonda Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar olaraq Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən media nümayəndələrinə “Təşəkkürnamə” təqdim edilib.