25.10.2023
25 oktyabr 2023-cü il tarixində Göyçay rayon Mərkəzi Kitabxanasının yaranmasının 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra Ulu öndər Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər, kitabxanaların tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, nəsildən nəsilə ötürülməsində, cəmiyyətin intellektual potensialının artırılmasında əvəzsiz rol oynadığını qeyd ediblər. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə digər sahələrdə olduğu kimi kitabxana sahəsində də olan inkişaf Ulu öndərin bu sahəyə böyük qayğı və diqqət ilə yanaşdığının bariz nümunəsidir.
Azərbaycanda kitabxana sahəsinin tarixi haqqında videoçarx nümayiş olunduqdan sonra, tədbir musiqi, şer və rəqs nömrələri ilə davam etdirilib. Mədəniyyət müəssisələrinin əməkdaşlarının, məktəblilərin, gənc musiqiçilərin ifalarında səsləndirilən mahnılar, kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda kitabxana sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və aparat işçiləri, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini, mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.