Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş nümunəvi tədbir keçirilib.

28.02.2025

28 fevral 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi və Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusu üzrə nümunəvi tədbir keçirilib.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Aran Regional Mərkəzinin Mülki Müdafiə İdarəsi və Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin məsul şəxsləri, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Aparat işçiləri və idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Çıxış edən mütəxəssislər qeyd ediblər ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir.

Çıxışlarda ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində aidiyyəti qurumların vəzifələri, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və görülən işlər haqqında geniş məlumat verilib, mülki müdafiə sahəsinin inkişafının əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.