08.05.2025
8 may 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii - poetik kompozisiya təşkil olunub.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər.
Qonaqlar mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə olan görüşlərini əks etdirən şəkillərdən ibarət sərgi ilə tanış olublar.
Tədbirin bədii hissəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra dahi şəxsiyyətin zəngin və mənalı həyat yolunu, xalqın rifahı və müasir Azərbaycanın inkişafı naminə tarixi xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Konsert proqramı ilə davam etdirilən tədbirdə klassik musiqimizin, xalq nəğmələrinin zərif ahənginin böyük vurğunu olan Ulu Öndərin sevdiyi mahnılar səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə sonsuz sevginin tərənnümü olan nəğmələr gurultulu alqışlarla qarşılanıb.