Ağdaş rayonunun iqtisadiyyatını sənaye və kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. 2011-ci ildə rayonda 245 milyon 102 min manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, onun da 49.2 faizini və ya 120 milyon 718 manatını kənd təsərrüfatı məhsulları, 6 milyon 480 min manatını və ya 2.6 faizini sənaye məhsulları istehsalının payına düşür. 2011-ci il ərzində rayonun ümumi məhsul istehsalının tərkibində tikinti-quraşdırma işlərinin həcmi 53 milyon 218 min manat və ya 21.7 faiz, nəqliyyat xidmətinin həcmi 3 milyon 883.4 min manat və ya 1.6 faiz, ticarət xidmətlərinin həcmi 60 milyon 475 min manat və ya 24.7 faiz olmuşdur.
2011-ci ildə 2003-cü ilə nisbətən rayonda ümumi məhsul istehsalı 5.5 dəfə, sənaye məhsulu istehsalı 3.5 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 3.8 dəfə artmış, tikinti-quraşdırma işlərinin həcmi 19.6 dəfə çoxalmışdır. Bu dövrdə əhalinin gəlirləri 5.8 dəfə yüksəlmiş, rayon büdcəsinin məxaric hissəsi 6.8 dəfə artmışdır.
Rayonda sənaye məhsulu istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisi, qaz, su, istilik enerjisinin emalı ilə yanaşı çörək, çörək-bulka, müxtəlif şirniyyatlar, sərinləşdirici içkilər, meyvə şirəsi, şokolad, karamel, qatılaşdırılmış süd, dondurma, mebel, kərpic, qum-çınqıl və sair istehsal olunur. Hazırda rayonda sənaye üsulu ilə meyvə qurusu istehsalı sahəsinin yaradılması üçün tədbirlər görülür.